Sedrik Bakambu və Vilfrid Zaha “Qalatasaray”da!

Türkiyə çempionu “Qalatasaray” heyətini 2 yeni futbolçu – hücumçu Sedrik Bakambu və sağ cinah vingeri Vilfrid Zaha ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sedrik Bakambu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan 700 min avroya transfer olunub. Konqodan olan 32 yaşlı forvardla 2 illik müqavilə imzalanıb. Təcrübəli futbolçu yeni komandasında ilinə 1,5 milyon avro maaş alacaq.

Sedrik Bakambu “Əl-Nəsr”ə bu ayın əvvəlində Yunanıstanın “Olimpiakos” klubundan azad agent kimi keçmişdi. O, Səudiyyə Ərəbistanı təmsilçisini rəsmi debüt matçına çıxmadan tərk etmək qərarına gəlib.

Bakambu karyerası ərzində “Soşo”, “Vilyarreal”, “Beijing Guoan”, “Bursaspor”, “Olimpiakos” və “Olimpik” (Marsel) klublarında forma geyinib. O, Konqo DR yığmasında 42 oyuna çıxıb, 15 qol vurub.

Vilfrid Zaha isə “Qalatasaray”a azad agent kimi keçib. Klub onun transferi ilə bağlı danışıqlara start verildiyini açıqlasa da, hazırda İstanbulda olan və tibbi müayinələrdən keçən futbolçu ilə müqavilənin müddəti və digər detalları daha sonra elan olunacaq.

Hazırda azad agent statusuna malik Zaha “Kristal Pelas”ın yetirməsidir. Fil Dişi Sahilindən olan 30 yaşlı vinger müəyyən fasilələrlə bu komandada 458 oyun keçirib, 90 qol vurub, 76 məhsuldar ötürmə müəllifi olub. O, bir müddət “Kardiff Siti” və “Mançester Yunayted”də də çıxış edib. Vaxtilə İngiltərə yığmasında da oynamış futbolçu 2017-ci ildən formasını geyindiyi Fil Dişi Sahili yığmasında 31 oyuna 5 qol vurub.

Yeri gəlmişkən, “Qalatasaray” mərkəz müdafiəçisi Matias Rossu da Niderlandın “Neymegen” klubuna icarəyə verib. 22 yaşlı stoper qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Niderland klubu bir illik icarə üçün İstanbul təmsilçisinə 250 min avro ödəyəcək.

Matias Ross “Qalatasaray”ya ötən yay Danimarkanın “Olborq” klubundan 1.75 milyon avroya transfer edilmişdi. O, bu komandada cəmi 2 matça çıxıb və 1 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: