David Silva karyerasını başa vurdu

Futbol üzrə İspaniya millisinin sabiq üzvü, son olaraq “Real Sosyedad”da çıxış edən yarımmüdafiəçi David Silva karyerasını bitirib.

Arena.az xəbər verir ki, buna 37 yaşlı futbolçunun yeni mövsüm öncəsi təlim-məşq toplanışı zamanı dizindən ağır zədə alması səbəb olub.

O, bu barədə qərarını sosial şəbəkə hesabında açıqlayıb. Təcrübəli futbolçu həyatının ən ağır qərarlarından birini verdiyini bildirib: “Bu gün mənim üçün kədərli gündür. Həyatımı həsr etdiyim oyunla, mənim üçün ailə kimi olan həmkarlarımla vidalaşmağın vaxtıdır. Futbol üçün çox darıxacağam”.

Xatırladaq ki, bir müddət öncə futbolçunun dizinin çarpaz bağları qopmuşdu. Bu üzdən də o, butslarını mıxdan asmaq məcburiyyətində qalıb.

David Silva “Real Sosyedad”a 2020-ci ilin yayında “Mançester Siti”dən keçmişdi. Yarımmüdafiəçi ötən mövsüm “Real Sosyedad”ın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. O, bu komandada bütövlükdə 93 oyuna çıxıb, 7 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

İspan yarımmüdafiəçisi karyerası ərzində “Mançester Siti” (436 oyun, 77 qol, 140 assist), “Valensiya” (168 oyun, 32 qol, 36 assist), “Selta” (36 oyun, 4 qol) və “Eybar” (10 oyun, 1 qol) kimi klublarda da forma geyinib. O, İspaniya milli komandasında da 125 oyuna çıxıb, 35 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: