Cozef Okumu 12 milyon avroya “Reyms”də!

Futbol üzrə Keniya yığmasının və Belçikanın “Gent” klubunun mərkəz müdafiəçisi Cozef Okumu “Reyms”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Liqa 1 təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün 12 milyon avrosundan keçib. Müdafiəçi yeni klubu ilə 5 illik (2024-cü ilin 30 iyununa kimi) müqavilə bağlayıb.

Cozef Okumu “Gent”ə 2021-ci ilin iyulunda İsveç “Elfsborq”undan 3,5 milyon avro qarşılığında keçmişdi. O, bu komandada 92 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi Keniya yığmasında da 16 oyun keçirib.

“Reyms” İngiltərə çempionu “Mançester Siti”nin sol cinah müdafiəçisi Coş Uilson-Esbrandı da heyətinə qatıb. 20 yaşlı ingilis futbolçu qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb. “Şəhərlilər”in öz yetirməsi olan futbolçu ötən mövsümün ikinci hissəsini “Koventri Siti”də icarədə keçirib. “Mançester Siti”nin əsas komandasında 3 oyun keçirib, 1 assistə imza atmış futbolçu İngiltərənin U-20 yığmasına da dəvət alır.

“Reyms”də beş ayrılıq

“Reyms” bir neçə futbolçusu ilə də yollarını ayırıb. İlan Kebbal 2 milyon avro qarşılığında “Paris”ə satılıb. 25 yaşlı fransız yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Reyms”də cəmi 34 oyuna çıxıb, 1 qol və 4 assistlə yadda qalıb.

Mustafa Mbou da “Paris”ə transfer olunub. Liqa 1 təmsilçisi bu keçiddən 500 min avro qazanıb. Seneqaldan olan 23 yaşlı mərkəz müdafiəçisi də yeni klubu ilə 3 illik sözləşməyə imza atıb. O, yetirməsi olduğu “Reyms”də cəmi 3 matça çıxıb.

“Reyms”in digər yetirməsi – 21 yaşlı sol cinah müdafiəçisi Bredli Loko da “Brest”ə transfer olunub. Fransız futbolçunun keçidi keçmiş klubuna 500 min avro qazandırıb. Yeni klubu ilə 4 illik müqavilə bağlamış Loko “Reyms”in əsas komandasında 43 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.

“Reyms” yarımmüdafiəçisi Rafik Gitanı “Eştoril”ə satıb. 24 yaşlı futbolçu Portuqaliya klubu ilə 3 illik sözləşmə bağlayıb. “Eştoril” bu transfer üçün 250 min avro ödəyib. Fransız yarımmüdafiəçinin “Reyms” karyerası cəmi 3 oyun, 1 qol və 2 assistdən ibarətdir.

“Reyms”in hücumçusu Anastasios Donis isə klubu azad agent kimi tərk edərək APOEL ilə 1+1 illik müqavilə bağlayıb. 26 yaşlı yunan forvard 2019-cu ildən formasını geyindiyi “Reyms”də 38 oyun keçirsə də, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. O, “Ştutqart”, “Luqano”, “Nitsa”, “Venlo” kimi klublarda da forma geyinib. Hücumçu Yunanıstan yığmasında da 11 oyuna 1 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: