Futbol üzrə Meksika millisinin və “Vulverhempton”un hücumçusu Raul Ximenes Premyer Liqanın digər təmsilçisi “Fulhem”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
“Fulhem” bu transfer üçün 6,4 milyon avro xərcləyib. 32 yaşlı forvardla 2+1 illik müqavilə imzalanıb.
Raul Ximenes “Vulverhempton”a 2019-cu ilin iyul ayında “Benfika”dan 38 milyon avro qarşılığında keçmişdi. O, bu komandada 166 oyuna çıxıb, 57 qol vurub, 24 məhsuldar ötürmə müəllifi olub. Ximenes “Benfika”dan başqa, “Amerika” və “Atletiko” (Madrid) klublarının da uğurları üçün çalışıb. O, Meksika yığmasında 102 oyun keçirib, 30 qol vurub.
“Fulhem” sol cinah müdafiəçisi Entoni Robinsonla da yeni müqavilə bağlayıb. ABŞ-dan olan 25 yaşlı futbolçu yeni sözləşməyə əsasən, 2028-ci ilin 30 iyununa kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcək. O, 2020-ci ildən formasını geyindiyi “Fulhem”də 107 oyuna 3 qol vurub, 5 məhsuldar ötürmə edib. Müdafiəçi “Uiqan” və “Bolton Uonderers”də də oynayıb. Robinson ABŞ yığmasında 33 oyun keçirib, 2 qol vurub.
“Fulhem” üç futbolçusu ilə də yollarını ayırıb. Mərkəz müdafiəçisi Şeyn Daffi azad agent kimi “Norviç Siti”yə keçib və yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Sol cinah müdafiəçisi Co Brayan da azad agent kimi “Milluol”a keçib, yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Sağ cinah müdafiəçisi Stiven Sessenyon isə “Fulhem”i azad agent kimi tərk etsə də, hələ özünə yeni iş yeri tapmayıb.
Yeri gəlmişkən, Raul Ximenesi satan “Vulverhempton” iki futbolçusunu da icarəyə verib. 21 yaşlı sağ cinah müdafiəçisi Ki-Yana Huver və 23 yaşlı sol cinah vingeri Şikinyo qarşıdakı mövsümün sonuna kimi “Stok Siti”də forma geyinəcəklər.


