Canluici Buffon karyerasını başa vuracağını elan etməyə hazırlaşır

Futbol üzrə İtaliya millisinin sabiq üzvü, “Parma”nın qapıçısı Canluici Buffon tezliklə futbolçu karyerasını başa vuracağını açıqlayacaq.

Arena.az bu barədə “Relevo”ya istinadən məlumat verir.

Əfsanəvi qapıçının artıq, yekun qərarını verdiyi vurğulanır. Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının Buffona maraq göstərdiyi barədə məlumat yayılmışdı. Amma italyan qapıçı karyerasını davam etdirməmək qərarına gəlib.

45 yaşlı Buffon karyerası ərzində cəmi 3 klubda – “Parma”, “Yuventus” və PSJ-də çıxış edib. Buffon peşəkar karyerası ərzində 29 kubok qazanıb. İtaliya yığmasının heyətində 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatında qazandığı çempionluq Buffonun karyerasının zirvə anıdır. Ancaq əfsanəvi qapıçıya UEFA Çempionlar Liqasını qazanmaq nəsib olmayıb.

Klub karyerası ərzində Buffon 975 oyun keçirib, 825 qol buraxıb, 429 oyunda qapısının toxunulmazlığını təmin edib.

Buffon İtaliya yığmasının heyətində 176 oyun keçirib, 146 qol “yeyib”, 77 oyundan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı Canluici buffonu 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: