Fransa çempionu PSJ-nin italyan mərkəz yarımmüdafiəçisi Marko Verratti “Əl-Hilal”la müqaviləsinin şəxsi şərtlərini razılaşdırıb.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Verratti “Əl-Hilal”a transfer məsələsində mütləq razılıq əldə edib. İtalyan yarımmüdafiəçinin PSJ-nin Yaponiyadakı təlim-məşq toplanışı çərçivəsində “İnter”lə keçirdiyi oyunda meydana çıxmaması bu haqda mütləq qənaətə gəlməyə əsas verir. Hazırda klubların transfer məsələsində qiymət baxımından razılığa gələ bilməməsi Verrattinin Ərəbistana keçidini əngəlləyir. PSJ Verratti üçün 30 milyon avrodan çox məbləğ tələb edir. “Əl-Hilal” isə bu təkliflə hələ razılaşmayıb.
Xatırladaq ki, daha əvvəl Verratti illik 48 milyon avro məvaciblə 3 illik müqavilə təklifi alıb.
Marko Verratti PSJ-yə 2012-ci ildə İtaliyanın “Peskara” klubundan keçib.
Verratti PSJ-nin heyətində ümumilikdə 416 oyuna çıxıb, 11 qol vurub, 61 məhsuldar ötürmə verib. O, parislilərlə 9 dəfə Fransa çempionluğunu, 6 dəfə Fransa Kubokunu, 6 dəfə Fransa Liqa Kubokunu, 9 dəfə Fransa Super Kubokunu qazanıb.
İtalyan yarımmüdafiəçi həmçinin İtaliya yığmasının heyətində AÇ-2020-ni qazanıb. Verratti İtaliya yığmasında 55 oyun keçirib, 3 qol vurub.
Verrattinin PSJ ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 30 yaşlı Marko Verrattini 40 milyon avro məbləğində qiymətləndirir.


