“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 1-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun olacağını gözləyirdik. Çempionatda ilk oyunlar həmişə çox çətin olur. Tam hazır deyilik. Yeni futbolçularımız var. Hansı ki, çempionatımıza uyğunlaşmaq üçün müəyyən vaxta ehtiyacları var. Rəqiblə bağlı da çətinlik çəkdik. Yeni futbolçuları var və oyun stillərinə bələd deyildik. Maksimum çalışdıq ki, komandamıza rəqibin futbolçuları haqda fərdi məlumat verək. Birinci hissədə həm külək, həm də rəqibin təzyiqi bizə çətinlik yaşatdı. İlk 20 dəqiqədə epizodlar versək də, sonrakı dəqiqələrdə tarazlıq yaxaladıq. Qoldan sonra daha rahat oynadıq. Sevinirəm ki, hücumçularım qol vurdu. Oyundan-oyuna artıracağıq, artırmalıyıq da. Bu il çempionat çox gərgin olacaq. Hər xal vacibdir. 3 xal bizim üçün çox vacib idi. Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildirirəm”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə matçdan sonrakı mətbuat konfransında bunları dilə gətirib:
“Yeni futbol mövsümünün başlanması münasibəti ilə hər birinizi təbrik edirəm. Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Çünki rəqibimiz olan “Turan Tovuz”un oturuşmuş heyəti var. Çalışdıq ilk 20-25 dəqiqə ərzində qol vuraq. Ancaq bunu bacarmadıq. İkinci hissədə dirəkdən qayıdan top matçda həlledici oldu. Hardasa 70-75 dəqiqə mübarizə apara bildik. Əlbəttə, səhvlərimiz oldu və bu səhvlər sonda qapıçıda “partladı”. Məğlubiyyəti bir futbolçunun üzərinə atmaq zəiflikdir. Ona qədər yarımmüdafiədə, ardınca isə müdafiədə səhvlər buraxdıq.
Bu oyunla hər şey bitmədi. Mövsümün açılış oyunudur. Problemimiz gec toplaşmaq, heyəti qurmaq üçün vaxtımızın az olmasındadır. Komanda üzvlərinin fiziki hazırlığını qısa vaxtda düzəltmək və meydandakı anlaşmanı yüksək səviyyə qaldırmaq qısa vaxtda çətindir. Ancaq dişimizlə, dırnağımızla bunun öhdəsindən gələcəyik”.


