“Barselona”nın polşalı hücumçusu Robert Levandovski “Bayern”lə yollarını necə ayırdığını, Kataloniya klubuna necə gəldiyini xatırlayıb.
Arena.az bu barədə “L’Equipe” nəşrinə istinadən məlumat verir:
“Mən mühiti dəyişmək, yeni ölkəyə köçmək, yeni insanlarla tanış olmaq istəyirdim. İspaniyada oynamaq həmişə arzum olub və o an bunun üçün uyğun vaxt yetişdi. Yaşımı nəzərə alaraq, bu addımı atmalı olduğuma əmin idim. Mən “Bayern”də xoşbəxt idim, amma orada istədiyim hər şeyə nail olmuşdum”, deyə Levandovski xatırlayıb.
Levandovski “Barselona”ya 2022-ci ilin yayında 45 milyon avro müqabilində keçib. Polşalı ulduz Almaniya nəhənginin heyətində bütün mümkün klub turnirlərində qələbə qazanıb, həmçinin müxtəlif fərdi mükafatlara layiq görülüb.
Geridə qalmış 2022/2023 mövsümündə Levandovski “Barselona”nın heyətində 46 oyuna çıxıb, 33 qol vurub, 8 məhsuldar ötürmə verib. O, kataloniyalılarla İspaniya çempionluğunu və İspaniya Super Kubokunu qazanıb.
Levandovski 2008-ci ildən çıxış etdiyi Polşa yığmasında 142 oyun keçirib, 79 qol vurub və bu göstəricidə yığma komandanın mütləq rekordunu müəyyənləşdirib.
“Transfermarkt” internet-portalı 34 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.


