Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən (U-18) basketbol üzrə Avropa çempionatının C divizionunun oyunları davam edir.
Arena.az xəbər verir ki, Azərbaycan millisi bu gün 5-9-cu yerlər uğrunda növbəti oyununa çıxıb.
Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi komandamız Bakıda Andorra seçməsi ilə üz-üzə gəlib. Millimiz bu oyunda 81:55 hesablı qələbəyə sevinib.
Yığmamızın növbəti rəqibi San Marino olacaq. Avqustun 6-da keçiriləcək qarşılaşma saat 12:30-da start götürəcək.
Xatırladaq ki, basketbol yığmamız qrup mərhələsindəki ilk oyununda Malta seçməsinə 73:54 hesabı ilə qalib gəlsə də, sonradan Kipr yığmasına 48:78, Moldova komandasına da 64:70 hesabıyla uduzmuşdu. Bu üzdən 5-9-cu yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalan komandamız bu yoldakı ilk sınağında ötən gün Cəbəllüttariq seçməsini 75:58 hesabıyla üstələmişdi.


