“Mançester Siti” PSJ və “Barselona”ya yarımmüdafiəçisi Bernardo Silvanı satmaq üçün heç bir halda danışıqlara getməyəcəyini bildirib.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mançester klubunun yaxın vaxtlarda Bernardo Silvaya yeni müqavilə təklif edəcəyi bildirilir. Bu məsələdə futbolçunun fikri önəmli olacaq, amma klubun da mövqeyi güclü və konkretdir.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” “Mançester Siti”yə Silvanı bir ildən sonra məcburi satınalma maddəsi ilə icarəyə verməyi təklif edib. Eyni zamanda, kataloniyalılar futbolçunun getməkdə qərarlı olduğuna əmin idilər və baş məşqçi Xosep Qvardiola onu klubdan buraxacağına söz vermişdi.
Geridə qalmış 2022/2023 mövsümündə Silva “Mançester Siti”nin heyətində 55 oyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə verib. O, “şəhərlilər”lə “treb”lə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb.
Bernardo Silvanın “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Bernardo Silvanı 80 milyon avro məbləğində qiymətləndirir.


