“Bayern”i Sadio Manenin məvacibi qıcıqlandırırdı”

“Əl-Nəsr”in seneqallı hücumçusu Sadio Manenin müşaviri Bakari Sisse futbolçunun “Bayern”dən ayrılması ilə bağlı fikirlərini paylaşıb.

Arena.az “Goal” portalına istinadən xəbər verir ki, Sisse Almaniya çempionun ulduz futbolçuya münasibəti ilə bağlı sərt ittihamlar səsləndirib:

“Bu, futbol qərarı deyil. Sadio Manenin maaşı almanları qıcıqlandırırdı. Onlar başa düşmürdülər ki, bir afrikalı necə kluba gəlib hamını qabaqlayaraq, ən çox maaş alan oyunçu olur. Ona görə də ondan qurtulmaq istəyirdilər.

Onlar futbolçunun agentlərinə zəng etmədilər. Onlar Sadioya şəxsən ondan qurtulmaq istədiklərini demədilər. Onlar sadəcə onun üçüncü dərəcəli sol hücumçu olacağını deməsi üçün Tuxeli göndərdilər.
Sadionun almanlara nəyisə sübuta ehtiyacı yoxdur. O, kim olubsa, o olub, “Bayern”in sayəsində deyil. Bu, “Liverpul” sayəsində baş verib. “Bayern” nankorluq etdi. Onlar afrikalıya bu cür pullar ödəyirdilər və bu, onları incidirdi”, deyə Sisse vurğulayıb.

Xatırladaq ki, Sadio Mane “Bayern”ə ötən yay 32 milyon avro müqabilində “Liverpul”dan keçmişdi. Münhenlilər hücumçuya böyük ümidlər bəsləyirdilər. Amma mövsümün sonunda “Bayern” rəhbərliyi və məşqçilər qərargahı seneqallı hücumçu ilə yollanı ayırmaq qərarını vermişdi. Onlar bu qərarı futbolçunun etimadı doğrultmaması ilə əsaslandırmışdılar.

Geridə qalmış 2022/2023 mövsümündə Sadio Mane “Bayern”in heyətində 38 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib. Təcrübəli oyunçu bu klubla Almaniya çempionu olub.

31 yaşlı Mane “Bayern”dən öncə “Liverpul”, “Sauthempton”, “Mets” və “Zalsburq” kimi klubların da formasını geyinib. O, Seneqal yığmasında da 97 matç keçirib, 37 qola imza atıb.

Sadio Mane “Əl-Nəsr”lə 4 illik müqavilə bağlayıb. Ərəblər bu transfer üçün Almaniya klubuna 30 milyon avro ödəyiblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: