“Barselona”nın baş məşqçisi Xavi PSJ-nin braziliyalı hücumçusu Neymarın Kataloniya klubuna mümkün qayıdışına münasibət bildirib.
Arena.az Xavinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Başqa klublarda oynayan oyunçulara gəlincə, konkret heç bir şey deyə bilmərəm. Görək, avqustun 31-də transfer pəncərəsi bağlanana qədər nə edə bilərik, amma indiyə qədər heç kim, o cümlədən Neymar haqqında heç bir şərhim yoxdur”, deyə Xavi bildirib.
Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Braziliyalı superulduzun PSJ-yə keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır. O zaman Fransa nəhəngi Neymarı heyətinə qatmaq üçün 222 milyon avro xərc çəkmişdi.
Geridə qalımış 2022/2023 mövsümündə Neymar mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna çıxıb. O, bu oyunlarda 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionluğunu qazanıb.
Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.


