İspaniyanın “Espanyol” klubunun sağ cinah vingeri Luka Koleoşo bundan sonra “Börnli”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 18 yaşlı futbolçunu 3 milyon avro qarşılığında transfer edib.
Tərəflər 4 illik müqaviləyə imza atıblar. ABŞ-da dünyaya göz açsa da, İtaliya vətəndaşlığı da olan Luka Koleoşo peşəkar karyerasına “Espanyol”da başlayıb. O, sözügedən klubun əsas komandasında 14 oyuna çıxıb, 2 qol vurub. Vaxtilə ABŞ-ın U-15 yığmasında oynamış Koleoşo sonradan İtaliyanın U-19 yığmasında 6 oyun keçirib. Bundan sonra isə onun Kanada yığmasında oynaması gözlənilir.
Yeri gəlmişkən, “Espanyol” sol cinah vingeri Alvaro Vadillo ilə də vidalaşıb. 28 yaşlı ispanla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib və o, hazırda azad agentdir. Vadillo 2020-ci ildən formasını geyindiyi “Espanyol”da cəmi 17 matça çıxıb. O, “Qranada”, “Betis”, “Hueska”, “Eybar” və “Malaqa”da, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarda da forma geyinib.
“Börnli” isə müdafiəçisi Lyuk Maknalli və qapıçısı Beyli Pikok-Farreli müvafiq olaraq “Stok Siti” və “Orhus” klublarına icarəyə verib. Hər iki futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.
İrlandiyadan olan 23 yaşlı Maknalli “Börnli”də cəmi 4 matç keçirib. 26 yaşlı ingilis qapıçı – Beyli isə bu komandada meydana çıxdığı 24 oyunda 35 qol buraxıb, 10 “quru” matç keçirib.
“Börnli” və “Hoffenhaym”dan oyunçu dəyişikliyi
“Börnli” Almaniyanın “Hoffenhaym” klubu ilə oyunçu dəyişikliyinə də gedib. Belə ki, İngiltərə klubunun niderlandlı hücumçusu Vaut Veqhorst icarə əsasında “Hoffenhaym”a keçib. Bundesliqa təmsilçisinin danimarkalı sol cinah vingeri Yakob Bruun Larsen də “Börnli”yə keçib. Hər iki futbolçunun icarə müddəti qarşıdakı mövsümün sonuna kimi nəzərdə tutulub.
Vaut Veqhorst 2022-ci ilin yanvarından formasını geyindiyi “Börnli”də cəmi 20 oyuna çıxıb, 2 qol və 3 assistlə yadda qalıb. O, ötən mövsüm “Beşiktaş” və “Mançester Yunayted”də də icarədə olub. 31 yaşlı hücumçu “Emmen”, “Herakles”, “Alkmaar”, “Volfsburq” kimi klublarda da oynayıb, Niderland millisində 23 oyuna 5 qol vurub.
Yakob Bruun Larsen də 2020-ci ilin yanvarından “Hoffenhaym”dadır. 24 yaşlı vinger bu komandada 57 oyuna 6 qol və 3 assistlə yadda qalıb. O, Dortmund “Borussiya”sı, “Anderlext” və “Ştutqart”da da oynayıb, Danimarka millisində 6 oyuna 1 qol vurub.


