Qari Nevill “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın bu komandanın hücumçusu Erlinq Halandla davranışını tənqid edib.
Arena.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq futbolçusu bu barədə “Sky Sports”un efirində fikirlərini bölüşüb.
Nevill “Mançester Siti”nin “Börnli” ilə matçın (3:0) fasiləsi zamanı Xosep Qvardiolanın artıq dubl etmiş Erlinq Halandı açıq şəkildə danladığı məqama görə utanc keçirdiyini söyləyib. O, müvafiq davranışın və ünsiyyətin yolverilməz olduğunu bildirib:
“Əminəm ki, Qvardiolanın bu münasibətini bəyənən insanlar olacaq. Onlar məhz bu tələblərin onu tarixin ən yaxşı məşqçisi etdiyini izah edəcəklər. Digərləri isə kameralar qarşısında öz futbolçusunun əlindən yapışmasının gərək olmadığını deyəcəklər.
Mən futbol tarixinin ən tələbkar məşqçilərindən birinin rəhbərliyi altında oynamışam, amma Ferqyuson bunu heç vaxt özünə rəva görməzdi”, deyə Qari Nevill bildirib.
Xatırladaq ki, daha əvvəl həm Xosep Qvardiola, həm də Erlinq Haland baş vermiş hadisə ilə bağlı açıqlama verərək, münasibətlərinin qaydasında olduğunu bildiriblər.


