Futbol üzrə Braziliya milli komandasının və Madrid “Real”ının mərkəz müdafiəçisi Eder Militao uzun müddətə sıradan çıxıb.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Militao İspaniya çempionatının 1-ci turu çərçivəsində səfərdə Bilbao “Atletik”inə qarşı oyunun ikinci hissəsinin əvvəlində zədələnərək, meydanı tərk etmək məcburiyyətində qalıb. Oyunun 50-ci dəqiqəsində Militaonu digər mərkəz müdafiəçisi, almaniyalı Antonio Rüdiger əvəzləyib.
Militaoya sol dizinin ön çarpaz bağının yırtığı diaqnozu qoyulub. Braziliyalı müdafiəçi yaxın günlərdə əməliyyat ediləcək.
Xatırladaq ki, daha əvvəl “Real”ın əsas qapıçısı, belçikalı Tibo Kurtua məşq zamanı oxşar zədə almışdı. Kurtua üçün mövsümün başlamadan başa çatdığı təxmin edilir. Belçikalı qapıçını əməliyyatdan sonra bərpa kursu gözləyir. Militaonun hansı müddətə sıradan çıxdığı haqda məlumat hələ yoxdur.
Eder Militao “Real”ın müdafiə xəttinin əsas fiqurudur. Geridə qalmış 2022/2023 mövsümndə Militao “Real”ın heyətində 51 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
Braziliyalı müdafiəçinin “Kral klubu” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvdədir.
Militao 2018-ci ildə debüt etdiyi Braziliya yığmasının heyətində 30 oyun keçirib, 2 qol vurub.
“Transfermarkt” internet-portalı 25 yaşlı Eder Militaonu 70 milyon avro məbləğində qiymətləndirir.


