PSJ-nin futbolçuları baş məşqçi Luis Enrikenin rəhbərliyi altında Fransa Liqa 1-nin ilk oyununda 1001 ötürmə ediblər.
Arena.az bu barədə “Opta” statistik internet-portalına istinadən məlumat verir.
2006-cı ildə statistik məlumatların toplanmasına başlanandan bəri heç bir komanda Liqa 1 çərçivəsində oyun ərzində 1000-dən çox ötürmə edə bilməyib. PSJ-nin rekord müəyyənləşdirdiyi oyun “quru” hesabla (0:0) başa çatıb.
Paris təmsilçisi “Loryan”la oyuna komandanın liderləri – Neymar, Kilian Mbappe və Marko Verrattisiz çıxıb. Liderlərin yoxluğu onların transferə çıxarılması ilə əlaqələndirilib.
Əvəzində parislilərin heyətində müdafiəçilər – Milan Şkrinyar və Lukas Hernandes, yarımmüdafiəçilər – Manuel Uqarte, Li Kan İn, Marko Asensio və hücumçu Qonsalo Ramos debüt ediblər. Onların hamısı Fransa çempionuna bu yay cəlb olunublar.


