Roberto Mançininin futbol üzrə İtaliya yığmasının baş məşqçisi postundan istefa verməsinin səbəbi məlum olub.
Arena.az bu barədə “Sky Sport Italia” portalına istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, Mançini İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriel Qravina ilə fikir ayrılığı səbəbindən yığmanın baş məşqçisi vəzifəsindən istefa verib. Mançini Qravinanın, onu seçdiyi və Avropa çempionatında qalib gəldiyi köməkçiləri ilə işləmək imkanından məhrum etməsindən narazı olduğu üçün bu addımı atıb.
İtaliya Futbol Federasiyası yığma komandada dəyişikliklər etmək, eyni zamanda Mançini isə nəsildəyişmə və yığmanın bərpası proseslərinə şəxsən nəzarət etmək istəyirdi. Amma italyan mütəxəssisin fikrincə, onu belə imkandan məhrum ediblər.
Xatırladaq ki, mövcud məlumata görə, Roberto Mançini və İtaliya yığması əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam veriblər.
Daha əvvəl Roberto Mançininin Səudiyyə Ərəbistanı yığmasına rəhbərlik edə biləcəyi bildirilirdi.


