Neymar “Əl-Hilal”la razılığa gəldi, transfer tezliklə açıqlanacaq

Fransa çempionu PSJ-nin braziliyalı superulduzu, hücumçu Neymar karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Arena.az Fransanın məşhur “L’Equipe” nəşrinə istinadən məlumat verir ki, 31 yaşlı futbolçu artıq “Əl-Hilal”la müqavilə imzalayıb.

Mənbənin məlumatına görə, o, “Əl-Hilal”la 2+1 sxemi üzrə müqavilə bağlayıb. Yəni müqavilə daha bir mövsüm uzadılması ehtimalı ilə 2 ili ehtiva edir.

Daha əvvəl mətbuatda Neymarın “Əl-Hilal”da mövsümə 100 milyon avro qazanacağı ilə bağlı məlumat yayılmışdı. Təxminən eyni məbləği “Əl-Hilal” Neymarın transferi müqabilində PSJ-yə ödəyəcək.

Geridə qalmış 2022/2023 mövsümündə Neymar mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna çıxıb. O, bu oyunlarda 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionluğunu qazanıb.

Neymarın PSJ ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Təcrübəli futbolçu 2010-cu ildə debüt etdiyi Braziliya millisinin heyətində 124 oyuna çıxıb, 77 qol vurub, 56 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Əl-Hilal”da Neymarın Braziliya millisində çıxış edən komanda yoldaşı Malkom oynayır. Malkom bir müddət əvvəl Sankt-Peterburq “Zenit”indən “Əl-Hilal”a keçib. Səudiyyə Ərəbistanı təmsilçisi bu yay Kalidu Kulibali, Ruben Neves və Sergey Milinkoviç-Saviç kimi ulduz futbolçuları da heyətinə qatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: