“Qalatasaray” Çempionlar Liqasında pley-offa yüksəldi!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Türkiyə çempionu “Qalatasaray” ilk görüşdə 3:0 hesabı ilə qalib gəldiyi “Olimpiya” ilə bu dəfə İstanbulda qarşılaşıb. Minimal hesabla qalib gələn İstanbul təmsilçisi növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi ola bilər. Bunun üçün Ağdam klubu Finlandiyanın HJK komandasını mübarizədən kənarlaşdırmalıdır. İlk oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Qarabağ” Finlandiyadan sərfəli nəticə ilə qayıtsa, Avroliqanın pley-offunda məhz Lyublyana “Olimpiya”sı ilə üz-üzə gələcək.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su isə bu gün ÇL-in 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb. Çünki komandalar arasında Yunanıstanda keçirilməli olan ilk görüş azarkeş ölümünə görə təxirə salınmışdı. Üç qolun qeydə alındığı qarşılaşma yunanların əzmkar qələbəsiylə bitib. Mahir ikinci hissədə meydanda olub. Bu komandaların cavab görüşü avqustun 19-da Yunanıstanda keçiriləcək.

“Qalatasaray”la yanaşı, “Rakuv”, “Makkabi” (Hayfa), “Molde” (Norveç), “Kopenhagen”, “Braqa”, “Reyncers”, PSV və “Panatinaikos” komandaları da ÇL-də növbəti mərhələyə yüksəliblər.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına avqustun 22-də start veriləcək. Qalib komandalar ÇL-in, məğlublar isə Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanacaqlar.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
15 avqust

“Aris” (Kipr) – “Rakuv” (Polşa) 0:1 (ilk oyun 1:2)

“Makkabi” (Hayfa, İsrail) – “Slovan” (Slovakiya) 3:1 (2:1)

“Molde” (Norveç) – “Klaksvik” (Farer adaları) 2:0 (1:2)

“Sparta” (Çexiya) – “Kopenhagen” (Danimarka) 3:3, penaltilər 2:4 (0:0)

“Dinamo” (Zaqreb, Xorvatiya) – AEK (Yunanıstan) 1:2

“Qalatasaray” (Türkiyə) – “Olimpiya” (Sloveniya) 1:0 (3:0)

“Baçka Topola” (Serbiya) – “Braqa” (Portuqaliya) 1:4 (0:3)

“Servett” (İsveçrə) – “Reyncers” (Şotlandiya) 1:1 (1:2)

“Şturm” (Avstriya) – PSV (Niderland) 1:3 (1:4)

“Olimpik” (Marsel, Fransa) – “Panatinakos (Yunanıstan) 2:1, penaltilər 3:5 (0:1)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: