“Qalatasaray”ın Çempionlar Liqasında növbəti rəqibi bilindi

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün pley-off mərhələsinin cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Çempionlar yolunda dörd, Liqa yolunda isə iki cütlük formalaşıb.

Türkiyə çempionu “Qalatasaray” pley-offda “Molde” (Norveç) ilə qarşılaşacaq.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış Polşa “Rakuv”u qrupa vəsiqə uğrunda Danimarka “Kopenhagen”i ilə yarışacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya “Dinamo”sunun potensial rəqibi isə Belçikanın “Antverpen” komandasıdır. Amma futbolçumuzun komandası hələ pley-offa vəsiqəni təmin etməyib. Xorvatiya çempionu Yunanıstan AEK-i ilə ilk oyununda 1:2 hesabıyla uduzdu. Məlum səbəblərdən bu komandaların cavab qarşılaşması avqustun 19-da Afinada keçiriləcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 22-23 avqustda keçiriləcək. Cavab görüşləri isə 29-30 avqustda gerçəkləşəcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi

Çempionlar yolu

“Makkabi” (Hayfa, İsrail) – “Yanq Boyz” (İsveçrə)

“Antverpen” (Belçika) – AEK (Yunanıstan)/“Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi

“Rakuv” (Polşa) – “Kopenhagen” (Danimarka)

“Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə)

Liqa yolu

“Reyncers” (Şotlandiya) – PSV (Niderland)

“Braqa” (Portuqaliya) – “Panatinaikos” (Yunanıstan)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: