Lionel Messi ardıcıl 6-cı oyununda qol vurdu – Video

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 36 yaşlı futbolçunun komandası Şimali Amerika Liqa Kubokunun yarımfinal oyununda “Filadelfiya Yunion”la qarşılaşıb.

“İnter Mayami” bu rəqibini də asanlıqla mübarizədən kənarlaşdırmağı bacarıb – 4:1. Messi isə komandasının qələbəsinə qolla töhfə verib. O, 20-ci dəqiqədə “İnter Mayami”nin ikinci qoluna imza atıb. Beləcə, bu darmadağın sayəsində “İnter Mayami” finala yüksəlib. Həlledici oyunda rəqib “Neşvill” olacaq. Hansı ki, bu komanda yarımfinalda “Monterrey”i 2:0 üstələyib. Final avqustun 20-də keçiriləcək və Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

Xatırladaq ki, Messi “İnter Mayami”nin heyətində “Krus Asul”a qarşı matçda (2:1) debüt etmişdi. Futbolçu 54-cü dəqiqədə meydana daxil olmuş və 90+4-cü dəqiqədə cərimə zərbəsindən komandasının qələbə qolunu vurmuşdu. O, “Atlanta Yunayted”lə növbəti görüşün (4:0) 8 və 22-ci dəqiqələrində fərqlənməklə ilk dublunu rəsmiləşdirmişdi. 1/16 finalda “Orlando” ilə görüş (3:1) də ulduz futbolçu üçün uğurlu alınmış və o, ardıcıl ikinci oyunda dubla imza atmışdı. 1/8 finalın “Dallas”la qarşılaşmasında da eyni uğuru təkrarlayan Messi artıq ardıcıl üç oyunda dubl etmişdi (6 və 85-ci dəqiqələrdə). Onun dubl seriyası “Şarlott” ilə oyunda bitsə də, meydana çıxdığı bu oyunda da qol vurmağı bacarmışdı.

Beləliklə, argentinalı ulduz MLS təmsilçisində keçirdiyi 6 oyuna artıq 9 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Lionel Messi bu yay Fransanın PSJ klubundan azad agent kimi “İnter Mayami”yə keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: