Son olaraq İsrailin “Bney Saxnin” klubunda forma geyinmiş Abu Dosso bundan sonra “Sumqayıt”ın uğurları üçün çalıacaq.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb. Fil Dişi Sahilindən olan sol cinah müdafiəçisi – Abu Dosso ilə 1+1 illik müqavilə imzalanıb. 27 yaşlı futbolçu “Sumqayıt”ın heyətində “12” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Dosso peşəkar karyerası ərzində İsrailin “Rişon Lezion”, “Hapoel” (Təl-Əviv) və “Bney Saxnin” klublarında çıxış edib. O, bu ilin yanvarında üz tutduğu “Bney Saxnin”də yarım mövsüm ərzində heç bir rəsmi matça çıxmayıb.
“Sumqayıt” buna qədər Mehdi Cənnətov, Orxan Sadıqlı, Rövlan Muradov, Kamran Quliyev, Erik Sorqa, Roi Kehat, İsa Suliman, Oktavio Manteka və Tresor Mossini də heyətinə qatmışdı. Elvin Bədəlov və Murad Xaçayev isə klubla yeni müqaviləyə unza atıb. Əvəzində Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar, Dieqo Karioka, Vurğun Hüseynov və Vüsal İsgəndərli isə komandanı tərk ediblər.


