Sərdar Əzmun rəsmən “Roma”da!

Almaniyanın “Bayer” klubunun türkmənəsilli iranlı hücumçusu Sərdar Əzmun bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt təmsilçisinin rəsmi mənbələrinə istinadən xəbər verir.

Əzmunun “Bayer”dən “Roma”ya 1 illik icarə əsasında keçdiyi bildirilir. “Canavarlar” 28 yaşlı futbolçunu daimi əsasda tamhüquqlu transfer etmək istəsə, alman komandasına 12 milyon avro ödəməlidir. Sərdar “Roma”da 17 nömrə altında çıxış edəcək.

“Roma”nın idman direktoru Tiaqo Pinto Sərdar Əzmunun “canavarlar”ın heyətinə qoşulmasına münasibətini bildirərək, “Roma” nümayəndələrinin uzun müddət hücumçunu öyrəndiyini vurğulayıb:

“Əzmun – bizim uzun müddət izlədiyimiz oyunçudur. Biz onun texniki bacarığını yüksək qiymətləndirmişik. Əminik ki, digər oyunçularımız ona daha tez uyğunlaşmağa kömək edəcəklər və Sərdar burada, İtaliyada özünü göstərə biləcək”.

Sərdar Əzmunun yeniyetməlik karyerası İran klublarında keçib. Onun böyük futbolda debütü isə Rusiyanın “Rubin” (Kazan) klubu ilə bağlıdır. Daha sonra Əzmun “Rostov”da icarədə oynayıb və tamhüquq əsasda ora transfer edilib. Ardından yenidən “Rubin”ə qayıdıb, daha sonra isə Sankt-Peterburq “Zenit”inə keçib.

2022-ci ildə Əzmun karyerasını daha yüksək səviyyədə davam etditmək imkanı qazanıb və Leverkuzen “Bayer”inə keçib. Geridə qalmış 2022/2023 mövsümündə Əzmun “əczaçılar”ın heyətində 33 oyun keçirib, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Əzmunun futbolçu karyerasında uğurları Sankt-Peterburq “Zenit”ində çıxış etdiyi dövrə təsadüf edir. “Zenit”in heyətində o, 4 dəfə Rusiya çempionu, 1 dəfə Rusiya Kubokunun, və 1 dəfə Rusiya Super Kubokunun qalibi olub.

Əzmun 2014-cü ilin may ayında 19 yaşında debüt etdiyi İran yığmasında 71 oyun keçirib, 45 qol vurub, 9 məhsuldar ötürmə verib.

Türkmənəsilli hücumçu İran futbol tarixində Əlirza Cahanbəxşdən sonra ikinci ən bahalı futbolçudur. Əzmun UEFA Çempionlar Liqasında qol vurmağı bacarmış ən gənc iranlı futbolçudur.

“Transfermarkt” internet-portalı Əzmunu 12 milyon avro məbləğində qiymətləndirir.

“Roma”nın gənc yarımmüdafiəçisi Cakomo Fatikanti isə “Leççe”yə keçib. Paytaxt klubunun bu keçiddən nə qədər qazandığı açıqlanmır. İtalyan futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb. “Roma”nın yetirməsi bu klubun əsas komandasında cəmi 1 oyun keçirib.

“Bayern” Stanişiçi icarəyə verdi, yeni qapıçı aldı

“Bayer” avstriyalı qapıçısı Patrik Pentsi də “Brondbü”yə icarəyə verib. Danimarka klubu 26 yaşlı qolkiperi satınalma şərti ilə heyətinə qatıb. Vyana “Austriya”sının yetirmısi “Bayer”ə bu ilin yanvarında transfer olunsa da, Bundesliqa təmsilçisində debüt şansı qazanmayıb. O, Avstriya yığmasında da 1 oyun keçirib.

“Bayer” gedənlərin əvəzində “Bayern”in müdafiəçisi Yosip Stanişiçi heyətinə qatıb. Leverkuzen təmsilçisi 23 yaşlı xorvatı mövsümün sonuna kimi icaətə götürüb. Stanişiç yetirməsi olduğu Münhen klubunun əsas komandasında 41 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb. Sağ cinah müdafiəçisi Xorvatiya millisində də 11 oyun keçirib.

Yeri gəlmişkən, “Bayern” də heyətinə yeni futbolçu cəlb edib. Münhen klubu Təl-Əviv “Makkabi”sinin və İsrail yığmasının qapıçısı Daniel Peretsi heyətinə qatıb. 23 yaşlı futbolçunun keçidi Almaniya çempionuna 5 milyon avroya başa gəlib. O, yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: