FİBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlığını davam etdirən “Sabah” amerikalı basketbolçu Korin Henri ilə güclənib.
Arena.az xəbər verir ki, bu barədə basketbol üzrə Azərbaycan çempionu olmuş paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Son iş yeri İranın “Parsa” klubu olan Korin Henri zəngin karyeraya malikdir. O, peşəkar karyerası ərzində Fransa, Sloveniya, İsveç, Danimarka, Avstraliya, Yeni Zenlandiya, Uruqvay, Bolqarıstan, İran liqalarında çıxış edib. Son mövsümün yekunlarına əsasən İran Super Liqasında ən yaxşı oyunçuların siyahısında 2-ci rəmzi komandada yer alıb.
Azərbaycan çempionu daha öncə amerikalı basketbolçular Kivon Devonport və Mayk Holton, xorvatiyalı Pavle Marçinkoviç, həmçinin Endər Poladxanlı və Şirzad Şirzadovu da heyətinə qatmışdı. Onlarla da 1 illik müqavilə imzalanmışdı. Əlikamran Məmmədov, Rüstəm Əliyev, Kaelin Kreynlə də müqavilənin müddəti qarşıdakı mövsümün sonuna qədər uzadılmışdı.
Sonda onu da bildirək ki, “Sabah”ın basketbol komandası bu mövsüm FİBA Avropa Kubokunda iştirak edəcək. Azərbaycan çempionunun bu turnirin təsnifat mərhələsindəki rəqibləri də məlumdur. Püşkə əsasən, “Sabah” A qrupunda “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) mübarizə aparacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.


