Qabri Veyqa “Əl-Əhli”də – “Selta”ya 40 milyon avro qazandırdı

İspaniyanın “Selta” klubunun mərkəz yarımmüdafiəçisi Qabri Veyqa Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli”yə keçib.

Arena.az xəbər verir ki, La Liqa təmsilçisi bu satışdan 40 milyon avro qazanıb.

21 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

“Selta”nın öz yetirməsi olan Qabri Veyqa bu klubun əsas komandasında 56 oyuna çıxıb. İspan futbolçu bu oyunlarda 11 qol və 4 assistlə yadda qalıb.

“Selta” mərkəz müdafiəçisi Xose Fontanı da “Kartaxena”ya icarəyə verib. 23 yaşlı ispan mövsümün sonuna kimi icarədə olacaq. “Selta”nın öz yetirməsi olan müdafiəçi əsas komandada 29 oyuna 2 qol vurub. O, ötən mövsüm Niderlandın “Qou Ehed İqlz” klubunda da icarədə olub.

“Selta” həbs olunmuş hücumçusu Santi Mina ilə müqaviləyə də xitam verib. La Liqa təmsilçisi 27 yaşlı futbolçu ilə əmək müqaviləsini birtərəfli qaydada ləğv edib.

Xatırladaq ki, iyul ayında Minaya təcavüzə görə 4 il həbs cəzası kəsilib. Hadisə 2017-ci ildə futbolçunun “Valensiya”da çıxış etdiyi vaxt baş verib. Mina zərərçəkmişə 25 min avro ödəməli olacaq. Onun qərardan İspaniya Ali Məhkəməsinə şikayət etmək hüququ var.

Ötən mövsüm Mina Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda icarə əsasında çıxış edib. O, 2019-cu ildən formasını geyindiyi “Selta”da 163 oyuna çıxıb, 42 qol və 17 assistlə yadda qalıb. Mina daha öncə “Valensiya”nın da uğurları üçün çalışıb.

“Selta” heyətinə iki futbolçu da cəlb edib. La Liqa klubu Niderland “Utrext”indən hücumçu Anastasios Duvikası, Şotlandiya “Seltik”indən isə Karl Starfelti transfer edib. İspaniya klubu bu transferlər üçün “Seltik”ə 5, “Utrext”ə isə 12 milyon avro ödəyib. Duvikas “Selta”yla 5, Starfelt isə 4 illik müqaviləyə imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: