“Electronic Arts” şirkətinin məhsulu olan məşhur “FIFA” futbol video oyunları silsiləsindən olan “FIFA 23” hakerlər tərəfindən sındırılıb.
Arena.az məlumat verir ki, avqustun 29-da MKDEV komandasının hakerləri “FIFA 23”-də “Denuvo” antipirat mühafizəsini sındırmağa müvəffəq olublar.
Beləliklə “FIFA 23” artıq torrentlərdə peyda olub. Hakerlərə qüvvətli antipirat müdafiə mexanizmi ilə təchiz edilmiş oyunun müdafiəsini keçmək üçün bir il müddətində intellektual əziyyət gərək olub.
Əlbəttə vurğulamaq lazımdır ki, müvafiq əməl qanunsuzdur və hüquq normaları çərçivəsində cəza ilə “mükafatlandırılır”.
Xatırladaq ki, “FIFA 23” məşhur futbol video oyunları silsiləsindən olan son video oyundur. Silsilənin növbəti yeni versiyası olacaq “EA Sports FC 24”-ün ilk təqdimatı sentyabr ayının 29-u tarixinə təyin edilib.
Texniki icrası baxımından “FIFA 23”-ün müdafiə sisteminin sındırılması hakerlər üçün vacib məqamdır. Belə ki, bu, “FIFA 19” video oyunundan bəri hakerlərin sındıra bildiyi, bu silsilədən olan ilk oyundur. “Reddit” istifadəçiləri şərhlərində vurğulayırlar ki, bu, yəqin, “Electronic Arts”dan oyunbazlar üçün kişilər və qadınlar arasında dünya çempionatı turnirini oynaya biləcəyi sonuncu oyundur.
Bundan əlavə, oyunbazlar qorxurlar ki, “EA Sports FC”-nin buraxılması ilə müəssisələr çox güman ki, müvafiq seriyada bir çox turnirləri oynamağa icazə verən bəzi lisenziyalarını itirəcəklər. Bu isə “FIFA 23” ilə baş verməyəcək. Beləliklə, “FIFA 23”-ün populyarlıq qazanması gözlənilir.
Öz növbəsində, “Denuvo” antipirat müdafiə mexanizmini keçməyə nail olmuş hakerlərin bu işdə böyük təcrübə əldə etməsi, qızğın oyunbazaları silsilənin növbəti oyununun da müdafiəsinin tezliklə sındırılmasına ümidləndirib. İstehsalçıların özləri də bu məqamdan ehtiyatlanırlar. Müvafiq “qara əməllər” şirkətin maliyyə qazancına ciddi zərbə vurur. Çünki oyunbazlar bir qara qəpik ödəmədən oyunları İnternet resurslardan endirərək dadını çıxarırlar.
Diqqətinizə çatdıraq ki, futbol video oyunları silsiləsindən “Konami” şirkətinin “eFootball Pro Evolution Soccer” layihəsi xalq arasında daha məşhurdur.
“EA Sports FC 24” sentyabrın 29-da PC və konsollar üçün satışa buraxılacaq. “Ultimate Edition” sahibləri və “EA Play” abunəçiləri oyuna sentyabrın 22-də başlayıb ləzzətini çıxara biləcəklər.


