Futbol üzrə Portuqaliya milli komandasının və Madrid “Atletiko”sunun hücumçusu Joao Feliks “Barselona”ya keçib.
Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Feliks 2023/2024 mövsümündə icarə əsasında kataloniyalıların xidmətində olacaq. Müqavilə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər razılaşdırılıb. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə isə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var. Transferin maliyyə təfərrüatı açıqlanmayıb.
Joao Feliks 2022/2023 mövsümünün ikinci yarısını “Çelsi”də icarə əsasında çıxış edib. O, “zadəganlar”ın heyətində 20 oyuna çıxıb və 4 qol vurub. Ancaq mövsümün bitməsi ilə “Çelsi” Feliksin xidmətində daha maraqlı olmadığını bəyan edib və portuqal hücumçu “Atletiko”nun düşərgəsinə qayıdıb.
“Atletiko” Feliksi 2019-cu ilin yayında “Benfika”dan 127 milyon avroya transfer edib. O, Madrid klubunda 131 oyun keçirib, 34 qol və 18 məhsuldar ötürmə müəllifi olub.
Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 31 oyun keçirib. 23 yaşlı futbolçu bu oyunlarda 5 qol vurub, 3 məhsuldar ötürmə verib və 2019 UEFA Millətlər Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı Joao Feliksi 50 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Feliks özü də “Barselona”ya keçmək istəyində idi. Hətta bunu açıq şəkildə dilə gətirdiyi üçün Madrid klubunun rəhbərliyinin və azarkeşlərin hiddətinə tuş gəlmişdi.
“Barselona” Portuqaliya yığmasının digər üzvü, İngiltərə çempionu “Mançester Siti”nin sağ cinah müdafiəçisi Joao Kanselonu da icarəyə götürüb. 29 yaşlı futbolçu da qarşıdakı mövsümün sonuna kimi Kataloniya təmsilçisinin uğurları üçün çalışacaq. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti isə 2027-ci ilin yayına qədərdir.
Joao Kanselo ötən mövsümü də “Bayern”də icarədə keçirib. O, Münhen təmsilçisində 21 oyuna çıxıb, 1 qol və 6 assistlə yadda qalıb, Almaniya çempionu olub.
Joao “Mançester Siti”yə 2019-cu ilin yayında “Yuventus”dan 65 milyon avro müqabilində keçib. O, İngiltərə nəhəngində 154 oyuna 9 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi “Benfika”, “Valensiya”, “İnter” kimi klublarda da forma geyinib. O, Portuqaliya yığmasında 44 oyuna 8 qol vurub.
“Atletiko” daha bir hücumçusunu icarəyə verdi
Yeri gəlmişkən, Joao Feliksi “Barselona”ya icarəyə verən “Atletiko” mərkəz hücumçusu Borxa Qarsesi də “Elçe”yə icarəyə verib. 24 yaşlı ispan da mövsümün sonuna kimi icarədə olacaq. “Atletiko”nun öz yetirməsi olan hücumçu daha öncə “Fuenlabrada”, “Leqanes” və “Tenerife” kimi klublarda da icarədə oynayıb.


