Serxio Ramos 18 il sonra sabiq klubuna qayıtdı – Rəsmi

Madrid “Real”ının və Fransa çempionu PSJ-nin sabiq mərkəz müdafiəçisi Serxio Ramos “Sevilya” ilə müqavilə imzalayıb.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Təcrübəli futbolçu 18 ildən sonra doğma klubuna qayıdıb. Müdafiəçi 2005-ci ildə məhz “Sevilya”dan “Real”a keçmişdi.

Ramos Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə prinsipial razılığa gəldikdən sonra “Sevilya” rəhbərliyi keçmiş müdafiəçisi ilə əlaqə saxlayıb. Tərəflər arasında razılıq əldə edilib və bir mövsümlük müqavilə imzalanıb. Ramos 2023/2024 mövsümünün sonuna qədər “Sevilya”nın xidmətində olacaq. Daha əvvəl futbolçunun maaşında ciddi azalma olacağı bildirilirdi.

İtayan jurnalist Fabrisio Romanoya görə, Ramos doğma klubunda mövsümə 1 milyon avro maaşa razılaşıb, halbuki “Əl-İttihad” ispan müdafiəçiyə 15 milyon avro məbləğində qazanc təklif etmişdi.

Xatırladaq ki, veteran Ramos bu ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi.

Ümumiyyətlə, Ramos “Sevilya”nın heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 49 oyun keçirib, 3 qol vurub.

Geridə qalmış 2022/2023 mövsümündə Ramos PSJ-nin heyətində 45 oyun keçirib, 4 qol vurub, 1 məhsuldar ötürmə verib. İspan müdafiəçi parislilərlə 2 dəfə Fransa çempionatını (2021/2022, 2022/2023) və Fransa Super Kubokunu (2022/2023) qazanıb.

Serxio Ramos karyerasının ən məhsuldar dövrünü “Real”da keçirib. İspan müdafiəçi 2015-2021-ci illərdə “Real”ın kapitanı olub. Ramos “kral klubu” ilə 5 dəfə İspaniya La Liqasını, 2 dəfə İspaniya Kral Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu, 4 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Ramos 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı Serxio Ramosu 4,50 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Ramosla “Qalatasaray” və “Beşiktaş”ın maraqlandığı haqda məlumat yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: