Futbol üzrə ABŞ milli komandasının və İngiltərənin “Lids” klubunun yarımmüdafiəçisi Tayler Adams “Bornmut”a keçib.
Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı futbolçunun transferi üçün 27 milyon avrosundan keçib.
Dayaq yarımmüdafiəçisi ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Tayler Adams “Lids”ə ötən ilin iyul ayında “Leypsiq”dən 17 milyon avro qarşılığında keçmişdi. O, bu komandanın heyətində ötən mövsüm 26 oyuna çıxıb. “Leypsiq” və “Nyu York Red Bullz” klublarında da forma geyinmiş yarımmüdafiəçi ABŞ yığmasında 36 oyun keçirib, 1 qola imza atıb.
“Lids”in sol cinah vingeri Luis Sinisterra da “Bornmut”a keçib. Lakin Premyer Liqa klubu kolumbiyalı futbolçunu gələn ilin yayına kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Luis Sinisterra da “Lids”ə ötən ilin yayında “Feyenoord”dan 25 milyon avro müqabilində keçmişdi. 24 yaşlı futbolçu bu komandada 26 oyuna 8 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Feyenoord”dan başqa “Onse Kaldas”da da forma geyinib. Sinisterra Kolumbiya milli komandasında da 7 matça çıxıb, 3 qola imza atıb.
“Bornmut”da iki ayrılıq da yaşanıb. Premyer Liqa təmsilçisi gənc mərkəz müdafiəçisi Ceyms Hili “Bləkbörn”ə, hücumçusu Camal Lounu isə “Suonsi Siti”yə icarəyə verib. Hər iki futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.
Ceyms Hill “Bornmut”a 2022-ci ilin yanvarında “Flitvud”dan gəlib. “Harts”da da oynamış futbolçu “Bornmut”un əsas komandasında cəmi 5 oyuna çıxıb.
Camal Lou isə “Bornmut”a 2021-ci ildə məhz “Suonsi Siti”dən 1,7 milyon avro qarşılığında keçmişdi. O, “Bornmut”da 40 oyuna 8 qol və 2 assistlə yadda qalıb. 29 yaşlı hücumçu “Portsmut”, “Uiqan”, KPR, “Barnet”, “Hemel” kimi klubların da formasını geyinib.


