Xristos Mandas “Latsio”da

Yunanıstanın “OFİ Krete” klubunun gənc qapıçısı Xristos Mandas bundan sonra “Latsio”nun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Roma təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İtaliya klubu 21 yaşlı qapıçının transferi üçün 1,3 milyon avro ödəyib. Onunla müdəti 5 illik (2028-ci ilin 30 iyununa qədər) olan müqavilə imzalanıb.

Xristos Mandas peşəkar karyerasına yetirməsi olduğu Yunanıstanın “Atromitos” klubunda başlayıb. O, 2022-ci ilin yanvarından formasını geyindiyi “OFİ Krete”də 29 oyuna çıxıb, 41 qol buraxıb. Yunan qolkiper ölkəsinin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında forma geyinib.

“Latsio” üç futbolçusu ilə də yollarını ayırıb. Markos Antonio icarə əsasında PAOK-a keçib. Yunanıstan klubu 23 yaşlı braziliyalı yarımmüdafiəçini satınalma şərti ilə heyətinə qatıb. O, “Latsio”da 22 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Yarımmüdafiəçi Ukraynada Donetsk “Şaxtyor”unun, Portuqaliyada “Eştoril”in də uğurları üçün çalışıb, Braziliyanın gənclərdən ibarət yığmalarında forma geyinib.

“Latsio”nun sol cinah vingeri Məhəmməd Fares də “Breşiya”ya keçib. 27 yaşlı əlcəzairli də mövsümün sonuna kimi icarədə olacaq. O, 2020-ci ildən formasını geyindiyi “Latsio”da cəmi 29 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Fares “Verona”, SPAL və “Cenoa”da da forma geyinib. O, Əlcəzair yığmasında 12 oyuna keçirib.

“Latsio” digər sol cinah vingeri Xoni Rodriqeslə də yollarını ayırıb. 32 yaşlı ispan azad agent kimi ölkəsinin “Kartaxena” klubu ilə 1 illik müqavilə bağlayıb. O, İtaliya klubunda 32 oyuna 4 məhsuldar ötürmə ilə yada qalıb. Xoni karyerası ərzində “Sportinq” (Xixon), “Alaves”, “Malaqa”, “Osasuna”, “Xetafe” kimi klubların da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: