Liqa 1-də mübarizə aparan Fransanın “Olimpik” (Lion) klubunun baş məşqçisi, fransız mütəxəssis Loran Blan istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər. Hazırda “Olimpik” Liqa 1-in zirzəmisində qərarlaşıb – komanda turnir cədvəlində sonuncu, 18-ci yerdə lövbər salıb. 4 turdan sonra Lion klubunun cəmi 1 xalı var. Çempionatın açılış turunda “Olimpik” “Nitsa” ilə heç-heçə oynayıb (0:0), ardınca isə “Strasburq”a (1:2), “Monpelye”yə (1:4) və PSJ-yə (1:4) məğub olub.
Böyük ümidlərlə komandaya gətirilmiş Blanın “Olimpik” macərası bir ildən də az çəkib.
Loran Blan 2022-ci ilin oktyabr ayında bu komandanın baş məşqçisi təyin edilmişdi. Buna qədər fransız çalışdırıcı Fransa yığmasını, həmçinin PSJ, “Bordo” və Qətərin “Ər-Rayyan” komandalarına rəhbərlik edib.
Lion “Olimpik”inin yeni baş məşqçisi vəzifəsinə “Milan” və “Napoli”nin sabiq çalışdırıcısı Cennaro Qattuzonun gətirilə biləcəyi barədə məlumat yayılıb.


