Kallum Uilson “Nyukasl”da qaldı – Rəsmi

Futbol üzrə İngiltərə millisinin və “Nyukasl”ın hücumçusu Kallum Uilson Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

31 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025-ci ilin 30 iyununa kimi “Nyukasl”da qalacaq. Tərəflər arasındakı əvvəlki sözləşmə bu mövsümün sonunda bitəcəkdi.

Kallum Uilson 2020-ci ilin sentyabr ayında “Bornmut”dan 22,25 milyon avro qarşılığında “Nyukasl”a keçib. İngilis forvard bu komandada 86 oyuna çıxıb, 40 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, “Bornmut”, “Koventri Siti”, “Ketterinq Tuan” və “Tamuort” klublarının da formasını geyinib. Uilson İngiltərə milli komandasında da 9 oyuna çıxıb, 2 qola imza atıb.

“Nyukasl” iki futbolçusunu da icarəyə göndərib. Belə ki, dayaq yarımmüdafiəçisi İsaak Hayden “Standard”a (Lyej), mərkəz yarımmüdafiəçisi Ceff Hendrik də “Şeffild Uensdey”ə keçib. Hər iki futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.

İsaak Hayden 2016-cı ildən “Nyukasl”da çıxış edir. 28 yaşlı ingilis futbolçu Premyer Liqa klubunda 171 oyuna çıxıb, 7 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, “Arsenal”, “Norviç Siti” və “Hall Siti”də də oynayıb. Hayden İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Ceff Hendrik isə 2020-ci ildən “Nyukasl”ın uğurları üçün çalışır. Amma 31 yaşlı irland futbolçu bu komandada cəmi 27 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Hendrik “Derbi Kaunti”, “Börnli”, “Ridinq”, KPR kimi klublarda da oynayıb. O, İrlandiya yığmasında 79 oyun keçirib, 2 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: