“Yuventus”un sağ cinah müdafiəçisi Danilo turinlilərin baş məşqçisi Massimiliano Alleqrinin məşqçilik qabiliyyətini yüksək qiymətləndirib.
Arena.az jurnalist Canluka di Marsionun rəsmi saytına istinadən Danilonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Pirlonun rəhbərliyi altında keçən mövsüm mənim üçün təlim mövsümü idi, bu, vacib idi. Mən Qvardiola və Alleqrini eyni səviyyəyə qoyuram: “Maks” həmişə qalib gəlmək istəyir, aramızda demək olar ki, tam qarşılıqlı anlaşma var.
Onunla çox oxşar cəhətlərim var: o, səmimi və dürüstdür”, deyə Danilo bildirib.
Vurğulayaq ki, Alleqri məşqçilik karyerası ərzində 13 kubok qazanıb (2-si “Milan”la, 11-i “Yuventus”la). Qvardiolanın isə 36 qəniməti var.
Ötən mövsüm italyan çalışdırıcının rəhbərlik etdiyi “Yuventus” İtaliya A Seriyasını 62 xalla 7-ci pillədə başa vurub. “Qoca sinyora”nın maliyyə məsələlərində fırıldağına görə, məhkəmə Turin klubunun turnir xalları hesabından 10 xal silib, komanda cari mövsümdə avrokuboklarda iştirakdan məhrum edilib.


