Serbiyada təlim-məşq toplanışında olan basketbol üzrə Azərbaycan çempionu “Sabah” hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, komandamızın FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində beşinci rəqibi Serbiyanın “Zlatibor” kollektivi olmalı idi.
Lakin son anda hazırlıq planında dəyişiklik baş verdiyindən Azərbaycan çempionu Serbiyanın digər klubu “Klik”lə qarşılaşıb. Belqradda, “Srvena Zvezda”nın təlim-məşq bazasında baş tutan oyun Bakı klubunun qələbəsiylə başa çatıb – 91:62.
Xatırladaq ki, daha öncə komandamızın “Boraç Zemun”la yoldaşlıq matçı da baş tutmamışdı. Halbuki, təmsilçimizin Belqradda altı yoldaşlıq matçı keçirməsi nəzərdə tutulmuşdu.
Azərbaycan çempionu Serbiyadakı ilk yoxlama oyununda yerli “Vrsaç” komandasına 57:62 hesabı ilə məğlub olmuşdu. Bu ölkənin digər klubu “Radniçki”yə qarşı ikinci oyun da təmsilçimizin 81:82 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Üçüncü oyunda komandamız “OKK Belqrad”a 97:84 hesabı ilə qalib gəlmişdi. “Srvena Zvezda”nın ikinci komandası ilə oyun da bakılıların 81:78 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Beləliklə, “Sabah” Serbiyadakı təlim-məşq toplanışını 2 məğlubiyyət və 3 qələbə ilə başa vurub.
Sonda onu da qeyd edək ki, “Sabah” bu mövsüm 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək. Komandamız FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsində mübarizə aparacaq. A qrupunda qərarlaşan Azərbaycan çempionu “Donar” (Qroningen, Niderland), “Rapid” (Buxarest, Rumıniya) və “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə qarşılaşacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.


