Bir müddət öncə yenidənqurma işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu Peşəkar Futbol Liqası (PFL) tərəfindən araşdırılıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən qurumun rəsmi saytı məlumat yayıb.
Araşdırma zamanı məlum olub ki, stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil. Peşəkar Futbol Liqası tərəfindən mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Neftçi” klubunun rəsmi müraciətini, “Zirə” klubunun razılıq məktubunu əsas götürən PFL “Neftçi” və “Zirə” klubları arasında keçiriləcək 1-ci və 2-ci dövrə görüşlərinin yerini dəyişdirib.
Belə ki, şənbə günü baş tutacaq “Zirə” – “Neftçi” oyunu Zirə İdman Kompleksində baş tutacaq. Oyuna saat 20:30-da start veriləcək.
Qeyd edirik ki, bu qərar əvəzedici komandalara aid edilmir.


