“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn Münhen komandasında onun diqqətini ən çox çəkmiş futbolçular haqda danışıb.
Arena.az “TNT Sports”a istinadən Keynin bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Camal Musiala fantastikdir. Mən onun nə qədər yaxşı olması haqqında çox söhbətlər eşitmişəm. Onun məşqlərdə necə hərəkət etdiyini və hücumda necə oynadığını izləmək çox əla idi.
Müller necə də zəkalıdır! İnsanlar kənardan bəzən öz zəkasına görə komandanın qalan hissəsi ilə müqayisədə bir addım öndə olan bu qəbildən oyunçuları qiymətləndirmirlər”, deyə Keyn bildirib.
Xatırladaq ki, Keyn “Bayern”ə cari ilin yay transfer pəncərəsində “Tottenhem”dən keçib. Harrinin Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern”in heyətində 6 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.
Harri Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 86 oyun keçirib, 59 qol vurub, 19 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Keyn karyerası ərzində bir kubok belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 90 milyon avro məbləğində qiymətləndirir.


