Futbol üzrə Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında debüt edib.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün Türkiyə Super Liqasının 7-ci turu çərçivəsində səfərdə “Kasımpaşa” ilə qarşılaşıb.
19-cu dəqiqədə “Adana Dəmirspor”un qapıçısı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün Məhəmmədəliyevə ehtiyac duyulub. O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib. Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar. Şahruddinə Super Liqada ilk qolu Aytac Kara vurub.
Fasilə ərəfəsində adanalıların heyətində Benjamin Stambuli ardıcıl iki sarı vərəqə almaqla (40 və 45+8-ci dəqiqələrdə) komandasını 9 nəfərlə qoyub. Say üstünlüyündən istifadə edən “Kasımpaşa” ikinci hissədə daha bir qol vurub. Penalti qazanan İstanbul klubunun heyətində Aytac Kara dubla imza atmaqla növbəti dəfə Məhəmmədəliyevi məyus edib.
Adana təmsilçisi 80-ci dəqiqədə penaltidən vurduğu qolla hesab arasındakı fərqi azaltsa da, bundan artığına gücü çatmayıb və 1:2 hesabıyla uduzub. Əksinə, 90+7-ci dəqiqədə “Adana Dəmirspor”un daha bir futbolçusu – Kristian Rodriqes də birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
“Adana Dəmirspor” bu nəticədən sonra 8 xalla 20 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb.


