PFL “Qarabağ” – “Sumqayıt” matçının stadionunu dəyişdirdi

Azərbaycan çempionu “Qarabağ” Premyer Liqanın 8-ci turunun “Sumqayıt”la oyunu üçün Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.

Arena.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri ilə əlaqədar olaraq sözügedən stadionda keçirilməli olan “Qarabağ” – “Sumqayıt” görüşünün “Azersun Arena”da oynanılması xahişi ilə çıxış edib.

“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azərsun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL “Qarabağ” – “Sumqayıt” oyunun məhz bu arenada keçirilməsinə qərar verib. Görüşün günü, saatı ilə bağlı dəyişiklik yoxdur.

Qeyd edək ki, “Qarabağ”la “Sumqayıt” arasındakı qarşılaşma sentyabrın 29-da keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: