Futbol üzrə İngiltərə milli komandasının və “Nyukasl”ın sol cinah vingeri Harvi Barns uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində baş tutan “Şeffild Yunayted”lə səfər oyununda sıradan çıxıb.
Barns 8:0 hesabıyla qalib gəldikləri bu qarşılaşmanın 12-ci dəqiqəsində aldığı ağır zədə səbəbindən əvəzlənmək məcburiyyətində qalmışdı. Müayinələrdən sonra futbolçunun azı 3 ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. Futbolçu əməliyyat olunmayacaq. Amma bərpası üçün azı 3 ay lazım olduğu bildirilir.
Xatırladaq ki, Harvi Barns “Nyukasl”a bu yay “Lester Siti”dən 44 milyon avro müqabilində keçmişdi. O, bu komandada keçirdiyi 7 oyunda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Barns daha öncə “Lester Siti”dən başqa “Milton Kins Dons”, “Barnsli” və “Vest Bromviç” kimi klublarda da forma geyinib. O, İngiltərə milli komandasında da 1 oyuna çıxıb.


