“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya yığmasının sabiq mərkəz müdafiəçisi Jerom Boatenqin mümkün transferindən danışıb.
Arena.az xəbər verir ki, o, 35 yaşlı futbolçu barədə bunları dilə gətirib:
“Jerom “Bayern” qarşısında böyük xidmətləri olan oyunçudur və bizimlə məşq etmək hüququna malikdir. Boatenq hazırda Münhendədir və özünə baxır. Hazırda o, komanda ilə məşq edir və forma yığır. Tamhüquqlu müqavilənin imzalanıb-imzalanmaması ilə bağlı qərar bir qədər sonra veriləcək”, deyə Tomas Tuxel bildirib.
Bu arada “Sky Sport Germany” Boatenqin klubun məşq bazasında fərdi proqram əsasında məşq edəcəyini və “Bayern”in Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Kopenhagen”lə keçirəcəyi oyuna yollanmayacağını bildirib. Mənbənin məlumatına görə, Boatenq iştirak etdiyi məşqlərdə yaxşı təsir bağışlayıb. Futbolçu əla fiziki formadadır. Amma müdafiəçinin oyunlara tam hazır olub-olmadığını yaxın günlər göstərəcək.
Xatırladaq ki, Jerom Boatenq 2021-ci ilin sentyabrında “Bayern”i azad agent qismində tərk edərək Lion “Olimpik”inə keçmişdi. Jerom cari ilin iyulundan yenidən azad agent qismindədir. Boatenq “Olimpik”də ümumilikdə 35 oyun keçirib, 2 məhsuldar ötürmə verib. Geridə qalmış mövsümdə isə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 8 oyunda meydana çıxıb. Təcrübəli oyunçu “Tennis Borussiya Berlin”, “Herta”, “Hamburq” və “Mançester Siti”də çıxış edib. Məhz “Mançester Siti”dən 2011-ci ilin iyulunda 13,5 milyon avro qarşılığında “Bayern”ə keçmiş Boatenq 10 il münhenlilər üçün çalışıb.
“Bayern”də çıxışı müddətində Boatenq 363 oyun keçirib, 10 qol vurub, 25 məhsuldar ötürmə verib.
Müdafiəçi karyerasındakı qənimətlərin böyük əksəriyyətini məhz “Bayern”lə qazanıb. Jeromun qənimətlər muzeyində 9 Bundesliqa çempionluğu, 5 Almaniya Kuboku, 5 Almaniya Super Kuboku, 2 Çempionlar Liqası, 2 UEFA Super Kuboku, 2 FIFA Klub Dünya Kuboku var. Üstəlik, Boatenq 2016-cı il üçün Almaniyada ilin futbolçusu seçilib.
Boatenq 2009-cu ilin oktyabrında debüt etdiyi Almaniya yığmasında 76 oyun keçirib, 1 qol vurub, 5 məhsuldar ötürmə verib. Jerom “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.
Xatırladaq ki, Jerom Boatenq qanalı yarımmüdafiəçi Kevin-Prins Boatenqin ögey qardaşıdır.


