İspaniya nəhəngi “Real”ın uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverde əsas futbol arzusundan həvəslə danışıb.
Arena.az jurnalist Fabrisio Romanoya istinadən Valverdenin sözlərini diqqətinizə çatdırır:
“Mənim arzum bir gün “Real”ın kapitanı olmaqdır. Bu, mənim üçün dəli bir hiss olardı. Uruqvay yığmasında ilk dəfə kapitan sarığısını taxtığım məqamla müqayisə edilə bilər.
“Real”da həmişə Modriç, Karvaxal, Kroosdan öyrənməyə çalışıram. Hazırda məhz onlar bizim kapitanlarımız, komandanın təcəssümüdürlər.
“Real”ın kapitanı olmaq mənim əsas arzumdur”, deyə Valverde xəyalını dilə gətirib.
Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. Uruqvaylı yarımmüdafiəçinin “Kral klubu” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Valverde karyerasına “Penyarol”da başlayıb, 2015/2016 mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017 mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018 mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb.
Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 9 oyuna çıxıb, 1 qol vurub. Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 213 oyun, 19 qol, 15 məhsuldar ötürmə.
Valverde “Kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2018, 2023) qalibi olub.
Valverde hazırda kapitanı olduğu, 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 51 oyun keçirib, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı Federiko Valverdeni 100 milyon avro məbləğində qiymətləndirir.


