Cud Bellingem dünyanın ən yaxşı futbolçusunu açıqladı

“Real”ın yarımmüdafiəçisi Cud Bellingem komanda yoldaşı, braziliyalı superulduz Vinisius Juniorun oyununu qiymətləndirib.

Arena.az “Madrid Zone” dərgisinə istinadən məlumat verir ki, Bellingem Vinisiusun oyununu yüksək qiymətləndirərək, braziliyalını dünyanın ən yaxşı oyunçusu adlandırıb:

“Vinisius inanılmaz futbolçudur. Onu, mənə eyni komandada oynamaq nəsib olmuş ən güclü futbolçulardan biri hesab edirəm. Onunla hər şey mənim üçün daha asan başa gəlir. Güman ki, mənim üçün o, dünyanın ən yaxşı oyunçusudur”, deyə Bellingem bildirib.

Xatırladaq ki, dünən, oktyabrın 3-də Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Napoli” ilə səfər oyununda Cud Bellingem və Vinisius Junior hərəyə bir qol vurmaqla, “Real”ın qələbəsinə töhfə veriblər.

Bu qələbə həm “Real”, həm də Bellingem üçün əlamətdar olub. Belə ki, İspaniya təmsilçisi İtaliyada ardıcıl 8 qələbə qazanan ilk qonaq komanda olub. Bellinqem isə “Real”ın heyətində ÇL-in ilk iki görüşündə qol vuran üçüncü futbolçu olub. Ona qədər 1998-ci ildə Kristian Karambö, 2009-cu ildə isə Kristiano Ronaldo debüt matçlarında bunu həyata keçirmişdilər.

Hazırda “Real” 6 xalla “C” qrupunun lideridir.

Bellingem “Real”ın heyətində ilk mövsümünə qasırğa kimi başlayıb. İngilis mərkəz yarımmüdafiəçisi 9 oyuna 8 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Vinni” isə mövsümün əvvəlində aldığı zədədən tez bir müddətdə sağalaraq sıraya dönüb. Cari mövsümdə Vinisius “qaymaqlılar”ın heyətində 6 oyuna 2 qol vurub.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 120 milyon avro, 23 yaşlı Vinisius Junioru isə 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: