“Braqa” Çempionlar Liqasında ilkə imza atdı

“Braqa” UEFA Çempionlar Liqasında iki top fərqi ilə geri düşdüyü qarşılaşmada qələbə qazanan ilk Portuqaliya komandasına çevrilib.

Arena.az xəbər verir ki, sözügedən komanda ötən gecə Almaniyada yerli “Union Berlin” komandası ilə qarşılaşıb.

“Braqa” bu matçın birinci hissəsində ardıcıl iki top buraxsa da, sonda 3:2 hesablı əzmkar qələbəyə sevinib.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun digər oyunlarında da maraqlı faktlar qeydə alınıb.

Belə ki, “Sevilya”nın (İspaniya) Niderland təmsilçisi PSV önündə (2:2) start heyətində 35 yaşdan yuxarı 4 oyunçu meydana çıxıb – Serxio Ramos (37), İvan Rakitiç (35), Xesus Navas (37), Fernando (36). Buna qədər rekord Norveç “Rusenborq”una məxsus idi. Adıçəkilən komanda 2007-ci ildə Almaniya klubu “Şalke” önünə 35 yaşdan yuxarı 4 oyunçu ilə çıxmışdı. “Sevilya”nın start heyətinin orta yaş həddi 31 yaş 263 gün olub. Bu, Çempionlar Liqasının tarixinin ən “qocaman” 3-cü komandasıdır.

Serxio Ramos “Sevilya”nın heyətində 37 yaş 187 günündə məhsuldar ötürmə verib. O, 2014-cü ildə Rusiya klubu ÇSKA ilə qarşılaşmada 37 yaş 355 günlüyündə komandasına kömək edən Françesko Tottidən (“Roma”, İtaliya) sonra bunu bacaran ən yaşlı futbolçudur.

Fransa təmsilçisi “Lans” ÇL-də 6-cı dəfə ilk qolu buraxdıqdan sonra geridönüş edərək, qələbə qazanmağa müvəffəq olub. Fransızlar İngiltərə nəhəngi “Arsenal”ını üstələyiblər – 2:1. Ən uzun seriya isə “Mançester Yunayted”ə məxsusdur – 8 oyun.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: