UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Portu” – “Barselona” oyunu kataloniyalıların baş məşqçisi Xavi üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, 1:0 hesabıyla qalib gəldikləri bu görüş ispan mütəxəssisin “Barselona”nın “sükanı arxası”ndakı 100-cü oyunu olub.
“OptaJose” dərgisinin məlumatına görə, o, “Barsa”da müvafiq göstəriciyə çatmış 11-ci məşqçidir. 43 taşlı yaşlı mütəxəssis kataloniyalıların sükanı arxasında keçirdiyi 100 oyundan 64-də qələbə qazanıb, 17 oyundan bərabərliklə ayrılıb, 19 oyunda isə məğlubiyyət alıb.
Xatırladaq ki, Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər o, Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.
Hazırda Xavinin yetirmələri La Liqada 8 turdan 20 xalla 2-ci pillədə qərarlaşıblar və lider “Real”dan 1 xal geridədirlər.
“Barselona” həmçinin Çempionlar Liqasının cari mövsümünə də uğurla başlayıb, kataloniyalılar “Antverpen” (5:0) və “Portu” (1:0) üzərində qələbələr qazanıblar.
Yeri gəlmişkən, “Portu” üzərində qazanılmış qələbə “Barselona”nın cari mövsümdə 10-cu məğlubiyyətsiz oyunudur. Buna qədər Xavinin yetirmələri “Kadis” (2:0), “Vilyarreal” (4:3), “Osasuna” (2:1), “Betis” (2:0), Antverpen (5:0), “Selta” (3:2) və “Sevilya”nı (1:0) məğlub ediblər, “Xetafe” (0:0) və “Malyorka” (2:2) ilə sülhlə ayrılıblar.
“Barselona” növbəti oyununu oktyabrın 8-də La Liqanın 9-cu turu çərçivəsində səfərdə “Qranada”ya qarşı keçirəcək.


