Erlinq Haland: “Bədənimi tərk edib zombiyə çevrilirəm”

“Mançester Siti”nin norveçli qolçusu Erlinq Haland bir qədər öz qolçu istedadından və ötən mövsüm qazandığı uğurlarından danışıb.

Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.

Haland bildirib ki, futbolsevərlərin onun mütəmadi qollarına öyrəşdiyi, qol vurmayanda isə təəccübləndiyi fikri ilə razılaşır:

“Hər kəs mənim qollarıma öyrəşib? Bu, belədir və bu, müsbət məqamdır: insanlar qol vurduğum andan çox, qol vurmayanda keyiyirlər!

Mən qol vurmayanda Norveç mətbuatı “Qol yoxdur!” kimi başlıqlarla xəbərlər dərc edir. Bu, həqiqətən belədir. Bu, yaxşıdır (ki, məndən qol gözləyirlər – readaktorun qeydi). Mən heç nədən şikayətlənmirəm, axı “Mançester Siti” ilə məhz qollar vurmaq üçün müqavilə bağlamışam. Bütün bunlar gözlənilən idi. Mən hələ də elə, rəqibin toruna top vurmaq fikri olan mənəm”, deyə Haland iddiasını bir daha qabardıb.

Həmçinin Haland özünü zombi ilə müqayisə edərək, qol vurmaq instinktlərini təsvir etməyə çalışıb:

“Məni adətən topa kifayət qədər toxunmadığım üçün tənqid edirlər. Mən oyunda topa bir neçə dəfə toxuna bilərəm. Mən sadəcə ətrafda gəzişirəm, dayanıram, öz aləmimdə hərəkətlər edirəm və… Bunu, izah etmək çətindir. Bədənimi tərk edib zombiyə çevrilirəm. Bu, bir növ “sönməyə” bənzəyir. Sanki ətrafa baxıb fürsət gözləyirəm. Və bu imkan gələndə, mən anlayıram ki, hazır olmalıyam, bilirsən?

Mən hələ də özümdəyəm, amma bir növ ətrafda gəzirəm və arayıram, darayıram… Fürsət gözləyirəm və düşünürəm: “Top ora gəlsə, onda bu baş verə bilər, top ora getsə, o ola bilər. Bu, bir duyumdur. Komanda müdafiə olunanda bilirəm ki, mənim iştirakım gərək deyil. Mən durub uyğun anı gözləyirəm”, deyə Haland özünün qolçuluq mexanizmini izah etməyə çalışıb.

“Ümidvaram ki, bu hissi həyatımda bir daha yaşayacağam”

Üstəlik, norveçli qolçu ötən mövsümün xoş xatirələrindən qaynaqlanan duyğularını paylaşıb.

Xatırladaq ki, geridə qalmış 2022/2023 mövsümündə Halandın “vuran ayaq” olduğu Xosep Qvardiolanını “Mançester Siti”si “treblə” imza atıb. “Şəhərlilər” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıblar.

“Duyğularım çoxdur. Bütün həyatımın ən böyük arzularından biri gerçəkləşdi. Xəyallar həqiqətən gerçəkləşir, anlayırsınızmı? Mən bunu əbədiyyət boyu xəyal edirdim və indi bunu etdim və bu, heyrətamiz bir duyğu idi. Mən elə xoşbəxt idim ki!
Ən yaxşı an? Bu, hakimin final fitini çalmasından 30 saniyə sonra oldu. Bilmirəm, ümidvaram ki, bu hissi həyatımda bir daha yaşayacağam. Bu, nə vaxtsa yaşadığım ən gözəl hiss idi. Bu qeyri-gerçək idi!

Mən Mançesterə Çempionlar Liqasını qazanmaq üçün gəlmişdim. Mən bunu dedim – biz bunu etdik”, deyə Haland duyğusalcasına bildirib.

Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçi qolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ötən mövsüm Erlinq Haland “Mançester Siti”nin heyətində bütün turnirlərdə 53 oyunda iştirak edib, 52 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib. Cari mövsümdə isə Haland “şəhərlilər”in heyətində 11 oyuna 8 qol vurub və 2 məhsuldar ötürmə verib.

Haland 2019-cu ilin sentyabrında debüt etdiyi Niorveç yığmasının heyətində 26 oyun keçirib, 25 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: