“Bayern” Boatenqlə bağlı qərarını rəsmən açıqladı

“Bayern” komandanın sabiq mərkəz müdafiəçisi, veteran Jerom Boatenqlə müqavilə imzalamayacağını rəsmən açıqlayıb.

Arena.az məlumat verir ki, Münhen təmsilçisinin mətbuat xidməti klubun Jerom Boatenqlə müqavilə imzalamamaq qərarını izah edən bəyanat yayıb:

“Təxminən iki həftə əvvəl əsas komandanın dörd mərkəz müdafiəçisi zədə səbəbindən “Proyssen”lə kubok oyununda iştirak edə bilməyib. Hazırda heç bir klubu olmayan Boatenq sonradan “Bayern”in məşqlərinə dəvət edilib. Dayo Upamekano və Kim Min Jae indi yenə oynayırlar, Matteys de Layt isə sağalmaq üzrədir, yəni müdafiənin mərkəzi ilə bağlı vəziyyət yaxşılaşıb.

Bütün şəraiti nəzərə alaraq, klub Boatenqlə müqavilə imzalamamaq qərarına gəldi. Eyni zamanda, görkəmli keçmiş oyunçu kimi, Jeroma klubda fiziki formasını saxlamağı davam etdirmək imkanı təklif edilib. Boatenq özünü yaxşı fiziki formada göstərib”, – klubun rəsmi saytındakı bəyanatda deyilir.

Xatırladaq ki, Jerom Boatenq 2021-ci ilin sentyabrında “Bayern”i azad agent qismində tərk edərək Lion “Olimpik”inə keçmişdi. Jerom cari ilin iyulundan yenidən azad agent qismindədir. Boatenq “Olimpik”də ümumilikdə 35 oyun keçirib, 2 məhsuldar ötürmə verib. Geridə qalmış mövsümdə isə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 8 oyunda meydana çıxıb. Təcrübəli oyunçu “Tennis Borussiya Berlin”, “Herta”, “Hamburq” və “Mançester Siti”də çıxış edib. Məhz “Mançester Siti”dən 2011-ci ilin iyulunda 13,5 milyon avro qarşılığında “Bayern”ə keçmiş Boatenq 10 il münhenlilər üçün çalışıb.
O, bu klubdakı çıxışı müddətində 363 oyun keçirib, 10 qol vurub, 25 məhsuldar ötürmə verib.

Müdafiəçi karyerasındakı qənimətlərin böyük əksəriyyətini məhz Münhen klubu ilə qazanıb. Jeromun qənimətlər muzeyində 9 Bundesliqa çempionluğu, 5 Almaniya Kuboku, 5 Almaniya Super Kuboku, 2 Çempionlar Liqası, 2 UEFA Super Kuboku, 2 FIFA Klub Dünya Kuboku var. Üstəlik, Boatenq 2016-cı il üçün Almaniyada ilin futbolçusu seçilib.

Boatenq 2009-cu ilin oktyabrında debüt etdiyi Almaniya yığmasında 76 oyun keçirib, 1 qol vurub, 5 məhsuldar ötürmə verib. Jerom “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xatırladaq ki, Jerom Boatenq qanalı yarımmüdafiəçi Kevin-Prins Boatenqin ögey qardaşıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: