“Roma”nın baş məşqçisi Joze Mourinyo “Kalyari” ilə A Seriyasının 8-ci tur oyunundan sonra vəzifəsindən azad edilə bilər.
Arena.az bu barədə “Corriere dello Sport” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Roma”nın sahibi Den Fridkin “canavarlar”ın A Seriyasının 6-cı turu çərçivəsində “Cenoa”ya məğlubiyyətindən (1:4) sonra Mourinyonu qovmaq istəyib. Amma klubun idman direktoru Tyaqo Pinto klub sahibini bu fikrindən daşındıraraq, vəziyyətə yenidən baxmağa inandırıb.
Vurğulanır ki, “Roma” “Kalyari” ilə oyundan məğlub olarsa, Joze Mourinyo istefaya göndəriləcək. Beləliklə, “Mour”un “Roma”dakı taleyini həll etmək üçün saatları qaldığı bildirilir.
Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Bu müddətdə “Mour” paytaxt klubunu tarazlamağa macal tapıb və komandanı yenidən qurararaq, ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar (1:1, 1:4).
Joze Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Hazırda “Mour”un çalışdırdığı “canavarlar” 7 turdan sonra 8 xalla A Seriyasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıblar.
Xatırladaq ki, bu gün keçiriləcək “Kalyari” – “Roma” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


