Eder Militao yol hərəkəti qaydalarını pozduğu üçün cərimələndi

“Real”ın braziliyalı mərkəz müdafiəçisi Eder Militao yol hərəkəti qaydalarını pozduğu üçün müvafiq qaydada cərimələnib.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.

Militao özünün bahalı “Ferrari” avtomobilində şüşələrin rəng örtüyü ilə bağlı müvafiq yol hərəkəti qaydasını pozub.
Mənbənin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları braziliyalı futbolçunun avtomobilində bütün şüşələrin rəng örtüyünün qaraldıldığının İspaniya qanunları ilə yolverilməz olduğunu əsas gətirərək, Militaonu saxlayıblar. Müvafiq qayda pozuntusuna görə cərimə 36 avrodan 150 avroya qədərdir.

Xatırladaq ki, cari mövsümün əvvəlində Militao ciddi zədələnib. Sol dizinin ön çarpaz bağının qopması diaqnozu ilə yaşıl meydanlardan kənarda qalmış müdafiəçinin ən azı doqquz ay futbolsuz qalacağı bildirilirdi. Hazırda Militaonun 2024-cü il martın 5-də başlayacaq Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına qədər sağalıb sıraya dönə biləcəyi təxmin edilir.

Eder Militao “Real”a 2019-cu ilin iyulunda 50 milyon avro qarşılığında “Porto”dan keçib. Braziliyalı müdafiəçinin “Kral klubu” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Militao “qaymaqlılar”ın heyətində cəmi 1 oyun – 50 dəqiqə keçirib. Məlum olduğu kimi, müdafiəçi ciddi zədəlidir. Militaonun “Real”ın heyətində ümumi statistikası isə belədir: 143 oyun, 11 qol, 5 məhsuldar ötürmə. Vurğulayaq ki, Militao “qaymaqlılar”ın müdafiəsində aparıcı fiqurdur.

Eder “Kral klubu” ilə 2 dəfə İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, 2 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Militao 2018-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 30 oyun keçirib, 2 qol vurub. Müdafiəçi Brazilya millisi ilə Amerika Kubokunu (2019) qazanıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı Eder Militaonu 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: