BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini müvəqqəti dayandırdı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) növbəti xəbərdarlığa qədər Rusiya Olimpiya Komitəsinin (OKR) fəaliyyətini dayandırdığını açıqlayıb.

Arena.az bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir.

Təşkilatın bəyanatında bildirilir ki, Donetsk və Luqansk Xalq Respublikalarının (müvafiq olaraq DXR və LXR), həmçinin Xerson və Zaporojye vilayətlərinin olimpiya şuralarının Rusiya Olimpiya Komitəsinin (OKR) tərkibinə daxil edilməsi Olimpiya xartiyasını pozur.

“Rusiya Olimpiya Komitəsinin artıq Olimpiya xartiyası ilə müəyyən edilmiş milli olimpiya komitəsinin funksiyalarını yerinə yetirmək hüququ yoxdur və BOK-dan heç bir maliyyə vəsaiti ala bilməz.
BOK-un qüvvədə olan 28 Mart 2023-cü il tarixli tövsiyələrində qeyd edildiyi kimi, BOK Rusiya pasportu ilə fərdi neytral idmançıların 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında və 2026-cı ildə Milan və Kortinada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına dair qərar qəbul etmək hüququnu özündə saxlayır…”, – BOK-un müvafiq bəyanatında deyilir.

Xatırladaq ki, daha əvvəl Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov Donetsk və Luqansk Xalq Respublikalarının (müvafiq olaraq DXR və LXR), Xerson və Zaporojye vilayətlərinin regional olimpiya komitələrinin Rusiya Olimpiya Komitəsinin tərkibinə daxil edildiyini açıqlamışdı. Bu barədə müvafiq qərar Rusiya Olimpiya Komitəsinin icraiyyə komitəsinin oktyabrın 5-də Moskvada keçirilmiş iclasında qəbul edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: