Arrisabalaqa: “Bellingem “Real”da bütöv bir dövrün rəmzidir”

Cari mövsümü icarə əsasında “Real”da keçirən, “Çelsi”nin ispan qapıçısı Kepa Arrisabalaqa komanda yoldaşı Cud Bellingemdən danışıb.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir:

“Hazırda, böyük miqyasda, Bellingemdən daha yüksəkdə birini görüb-görmədiyimi bilmirəm. Onun nəyə qadir olduğunu hər oyunda görürük. Ümidvaram ki, bu, belə də qalacaq. O, aydın fikirləri olan çox yetkin oğlandır. Onu yalnız qollarına görə deyil, həm də gördüyü müdafiə işinə, meydanın bütün sahələrində göstərdiyi həcmə görə qiymətləndirmək lazımdır. Bellingem “Real”da bütöv bir dövrün rəmzidir”, deyə Arrisabalaqa bildirib.

Xatırladaq ki, Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib və üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Cari mövsümdə Bellingem “qaymaqlılar”ın heyətində 10 oyunda 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 26 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: